1-ci kurs memarlara kolleqa məsləhəti

vvəla bu il memarlıq ixtisası üzrə qəbul olan abituriyentləri gec də olsa ürəkdən təbrik edirəm. Seçdiyiniz yol sizi gələcəyin görkəmli memarı edəcəyinə ümidvaram. Bu sənətə layiqincə yanaşsanız bəhrəsini tezliklə görəcəksiniz. İmtahan verib qəbul olmayan dostlarımıza isə demək istəyirəm ki, heç özüm də 1-ci il qəbul olmamışdım, həyat davam edir, çalışın gələn il mütləq qəbul olasınız.

Bu ixtisasa qəbul olmağın çətinliyi bir yana buranı oxuyub bitirmək də ayrı bir dərddir :) Çalışacam dostyana öz kiçik məsləhətlərimi verim. Artıq 4-cü kurs kimi müəyyən təcrübə əldə etmişəm və onu sizinlə bölüşməyi özümə borc bilirəm, çünki özüm də qəbul olanda yuxarı kursların dəyərli məsləhətlərinə qulaq asa-asa nəyəsə nail olmuşam.

Hər şeydən əvvəl bütün ixtisaslar kimi memarlığa da aid olan bir faktor var:

–         Yalnız öz üzərinizdə çalışmaqla nəsə əldə edə bilərsiniz. İnanın ki, heç bir müəllim, professor, alim sizi 100% -lik biliklə təmin etməyəcək. Bu sadəcə mümkün deyil, öz üzərinizdə 70% çalışmaqla 30% ustadlardan öyrənin

–         Müəllimlərinizin öyrənmək xatirinə (kobud desək) zəhləsini tökməkdən çəkinməyin, əmin olun ki, siz onların ən sevimli tələbəsinə çevriləcəksiniz :)

–         1-ci və 2-ci kurs proqramını mükəmməl mənimsəyin. Hətta proqramdan əlavə də öz üzərinizdə maksimal dərəcədə çalışın. Sonrakı 3-cü, 4-cü kurslarda öyrənmək çox çətin olur, adətən praktika kimi keçir. Çox vaxt tənbəl tələbələr yanılır, ilk iki kursu oxumayıb bütün gücü son iki kursa vermək istəsələr də heç bir nəticə alınmır

–         Gözünüzü kitabdan çəkməyin. Daima oxumağa yaxın olun. İstər elmi, istər bədii ədəbiyyatla yaxından tanış olun. Azərbaycan dilində ixtisasa dair materiallar az olsa da araşdırıb əldə edin və mütləq oxuyun, bir memarlıq kitabını dəfələrlə oxuyun

–         Ümumiyyətlə memar olan kəs mütləqdir ki, hərtərəfli biliyə, savada malik olsun, çünki biz memarlar hər növ layihə icra edirik. Məsələn, xəstəxana layihəsində həkim kimi düşünməyi, məktəb layihəsində isə müəllim kimi düşünməyi bacarmalıyıq. İmkan olsa bir çox idman növlərində özünüzü sınayın. İdmanla əlaqəli layihələrdə sizə köməkliyi dəyəcək. Bir sözlə hər şeylə maraqlanın

–         Əl qabiliyyətinizi daim inkşaf etdirin. “Nabroska”, “zarisovka” edin, akademik rəsmi kamil öyrənin

–         Rəngkarlığa isə eksperiment kimi yanaşın, yeni rəng çalarları axtarın. Ümumiyyətlə rəngkarlığın dizayn işlərində xeyiri çox dəyir, məsələn, interyer dizaynında divar, parket, tavan və s. kimi minlərlə elementin rənglərini tutuşdurmaq üçün rəngkarlıq biliklərinizin mükəmməl olması lazım gəlir

–         Hər növ xərcə gedin, bu sənətdə pul xərcləməkdən qorxmayın, aldığınız vasitələr sizin əlinizdən elə vaxt tutacaq ki, əvəzini heçnə verməyəcək

–         Qarşınıza çıxan hər növ xəttkeş, karandaş, flomaster, gel qələmləri və s. alın. Lazımi məqamda çox kömək olur

–         Bol-bol eskiz edin. Vaxt tapan kimi müəlliminizdən “klauzura” tələb edin (klauzura haqda ayrıca məqalə yazacam, çox müəllim və tələbənin müasir tədrisdə istifadə etmədiyi və çox vacib olduğu halda unudulan memarlıq “məşq”idir)

–         İlk iki il komputer proqramlarına yaxın durmayın. Son iki ildə isə proqramları mükəmməl mənimsəyin. Düzdür əsl memarlıq studiyalarında memarlıq təhsili almış işçi, proqramlarda layihə yığmamalıdır. Bu işi texniklər görməlidir, ancaq reallıq bunu göstərir ki, Azərbaycan şəraitində proqram bilməyən işçini qəbul etmirlər

–         İlkin vaxtlarda işələmək, pul qazanmaq haqda fikirləşməyin, bu insanı geri salır, ilk məvacib bilik qazanmaq vərdişlərini söndürə bilər. Ancaq sənət, təcrübə xatirinə işlər qarşınıza çıxsa işdən qorxmayın, onun verdiyi təcrübə gələcəkdə çox kömək olur

–         Yadınızda saxlayın ki – Pul sənəti öldürür, sənət də pulu. Bu səbəbdən heç vaxt pula qaçan “alverçi memar”lardan olmayın

–         Yolda gedərkən gözünüz qızlarda yox, binalarda olsun :) onları analiz edin, baxaraq öyrənməyə çalışın

–         Sosial şəbəkələrdə memarlıq qruplarına üzv olun, gündəmi izləyin və oradakı memarlıq nümunələrinin şəkillərinə mütləq baxın. Müasir memarlığın hansı səviyyədə olduğunu ən yaxşı belə qruplarda və xarici saytlarda öyrənmək olar

–         Musiqi ilə memarlıq işləmək istəsəniz ən uyğun janrlar Jazz və klassikadır. Ümumiyyətlə bu iki janr memar düşüncəsini formalaşdıran, bədii zövq verən janrlardır. Çalışın sevməsəniz belə qulaq asın, bir müddətdən sonra xoşunuza gələcək hətta nə qədər qəribə səslənsə də memarlıq kompozisiyalarında klassik musiqi notlarını əks etdirəcəksiniz

–         Mümkün olsa evdə özünüzə ayrıca otaq ayırın. Daha yaxşı olar ki, 2-ci kursdan başlayaraq heç olmasa hər semestrin axır iki ayını tək yaşayasınız. Belə şəraitdə memarlıq işləmək həm ikiqat həzz verir həm də gözəl layihə ərsəyə gətirmək üçün uyğun şərait yaranır

–         Heykəltəraşlıq dərslərinə, maketə fikir verin. Əgər maket dərsi keçilməsə özünüz bununla məşğul olun

–         Qovluq əlinizdən düşməsin. Hər yerə özünüzlə aparın. Hərdən yolla gedərkən insanın ağlına parlaq bir ideya gəlir, onu tez kağıza köçürməklə bəlkə də gələcəkdə uğurlu layihəyə imza atmış olarsınız

–         Qeydiyyat dəftəri tutun, ağlınıza gələn ideyaları, qarşınıza çıxan maraqlı memarlıq faktlarını, standartları və s.-ni qeyd edin

–         Hər deyilən sözə qulaq asmayın. Hərdən əsassız ağır sözlər bacarıqlı tələbələri belə həvəsdən sala bilər. Kimsə işiniz barədə mənfi fikir bildirsə bilin ki, gözü götürməzlikdəndir ;)

–         Memarlarımıza və memarlıq incilərimizə yaxşı bələd olun, onları əzbərdən tanıyın

–         Tarixi memarlığımızı mükəmməl öyrənin

Və əlbəttə memarliq.com –u izləməyə davam edin :) Çalışın bəşəri sənətin öhdəsindən layiqincə gələsiniz. Çətin sənət deyil, əgər onu sevsəniz bu sizin həyat tərzinizə çevriləcək. Hamıya bir daha uğurlar