Hovuzlar

Memarlığın və yayın ləzzəti – Hovuzlar. Qızmar yay aylarının və istirahətin ayrılmaz memarlıq obyekti.. Su hövzələri, üzgüçülük hovuzları, süni şəlaləri memarlığı ən maraqlı mövzularından biri olan bağ evlərinin ayrılmaz hissəsi adlandırmaq olar. Çox da baha başa gəlməyən lakin məkana xüsusi gözəllik qatan hovuzlar memarlığa duz qatan maraqlı və müxtəlif həllərlə qədimlərdən bu günümüzə qədər bir çox sarayları, qəsrləri, villa və evləri bəzəyiblər.

Dallas, Joule Hotel

Ola bilsin siz də bu yay öz bağ eviniz üçün hovuz inşaasını planlaşdırırsınız. Planda yoxdursa məncə bu barədə fikirləşin, bundan sonra bağınız sizin üçün daha sevimli məkana çevriləcək. Bunun üçün sizə dünyada olan bəzi maraqlı hovuz layihələrini göstərəcəm. Çoxusu sadə amma olduqca gözəl işlənmişdir. Belə düşünürəm ki, onları binanın fasadına biraz uyğunlaşdırmaqla dəişilmiş halda öz bağınızda istifadə edə bilərsiniz.. Yeni nəsil hovuzlara təəssüf ki, Abşeron bağlarında az-az rast gəlirik. Ümid edirəm ki, bu yazıdan sonra bir çoxlarınız yayın ləzzətini dadmaq üçün az vəsait və əmək sərf olunan hovuz inşaasına başlayacaqsınız.

Yunanıstanda “Hemeroscopium House” evində maraqlı hovuz layihəsi. Deməzdim sadə və asan başa gələn kompozisiyadır :) amma yenə də maraqlı həlldir.

Marcio Kogan memarlıq studiyası tərəfindən layihələndirilmiş, ən sevdiyim evlərdən biri – Paraty House və onun cazibədar hovuzu. Bu evi axtarış edib baxın, doğrudan da əla layihələndirilib.

Oxşar həcmlərə malik digər çox bəyəndiyim layihə isə Tailandda Amanzi Villa Elegant-dır. Sonsuz dərəcədə incə və cazibədar olan bu villa da öz hovuzu ilə daha gözəl tamamalanıb.

Antik hovuzlar əsl zadəgan xarakterli insanalr üçün nəzərdə tutulub və olduqca ekzotikdir. Bir çox hallarda belə hovuzlar həqiqətən əsrlərdən qalmış hovuzların müasir dekorasiyasından sonra istifadəyə verilir. Məsələn, Budapeştdə Gellert üzgüçülük hovuzu.

Və ya Kaliforniya ştatında The Neptune hovuzu.

İndoneziyanın tropik adalarından biri Balidə Alila Ubud layihəsində insanı transa sala biləcək hovuz layihəsi. Sakitləşdirici məkanda, təbii görünüşü ilə insanı valeh edən hovuzu sanki təbiət özü yaradıb.

Krakovda Jodlawa House-un qapalı hovuzu. Memar çox dəbli məkan yaradıb, evin digər otaqları da həmçinin yaxşı həll olunub.

Dünya şöhrətli otellər özlərinin visit kartı kimi yüksək zövqlü hovuzlara üstünlük verirlər. Çilidə dünyanın ən geniş hovuzu – San Alfonso Del Mar . Bu hovuz otelin geniş həyətini əhatə edir. Maraqlıdır bu hovuzu təmizləmək, onu boşaldıb yenidən su ilə doldurmaq nə qədər zəhmət tələb edir. Amma yenədə XXI əsr olduğu üçün yəqin ki, çox asan texnalogiyalarla bunu həll edirlər. Hovuzun mərkəzindəki şüşə piramida qapalı hovuz funksiyası daşıyır.

Sinqapurda Marina Bay Sands otelinin fantastik hovuzu. Memarı dünyada bir çox məşhur və özünəməxsusluğu ilə seçilən layihələrin müəllifi Moshe Safdie-dir.

Bir çox yay otellərinin həyətlərində geniş və maraqlı tərzdə dizayn edilmiş hovuzlar olur. Onlar körpülərlə, maraqlı atraksiyonlarla bəzədilərək məkana xüsusi ekzotika bəxş edir. Misirdə Le Meridien Hurghada otelinin hovuzu.

Brusseldə Nemo – Deepest Pool. Bu hovuz əsl macəra üçün dizayn olunub və istirahət üçün gözəl fikirləşilib. Burada hətta qruplar şəklində oyun da təşkil edib oynamaq olar :)

Bir tərəfi açıq olan hovuzlar olduqca gözəl hisslər bəxş edir. Sanki dar çərçivədə yox, sonsuz boşluqdasan. Belə hovuzlara Azərbaycanın ustad memarı Rəhim Seyfullayevin layihələrində rast gəlmək olar.

Abşeron 1 saylı villa:


Abşeron 2 saylı villa:


Dünyadan digər kənarları açıq şəkildə kompozisiya edilmiş hovuzlar

Divarlardan birini (və ya bir çoxunu) şüşə ilə bağlamaqla dünya memarlığı fantastik hovuzlar layihələndirməyə başladı. Onlardan bir neçəsinə nümunə:

Bildiyiniz kimi hovuzlar təkcə açıq havada yox, həm də qapalı məkanlarda layihələndirilir. Belə hovuzlar idarə edilə bilən temperatur sayəsində qışda da hovuz ləzzəti təklif edir. Bir çox hallarda isə hovuza giriş qapalı məkandan olsa da hovuzun digər hissəsi açıq havaya çıxır. Bəzən isə quraşdırıla bilən tavan sayəsində açıq hovuzu qış aylarında qapalı etmək olar.

QEYD 1: Rəhim SEyfullayevin layihələrinin şəkillərini “Measir Azərbaycan Memarları 2010” kitabından götürmüşəm.

QEYD 2: görünür bu yay havalar çox isti keçəcək. İstirahət vaxtlarınızın biri birindən gözəl hovuzlarda keçməsini arzu edirəm :)