Eskiz 3-cü hissə (etnik memarlıq)

Memar tarixi yaxşı bilməlidir” – bu sözə memarlıq sahəsində olan insanlar yəqin ki, tez-tez rast gəlirlər. İstər tələbəlik vaxtı müəllimlərdən, istər memarlıq kitablarından, istərsə də ustad memarların tövsiyyələrindən bunu eşitmək olar. Memarlıq sənətində olan biri kimi deyilən sözlə tamamilə razıyam.

Tarix dedikdə nəinki memarlıq tarixini həmçinin ölkənin, xalqın tarixini də bilmək vacibdir. Yalnız o zaman dinə, dilə, irqə, xalqa, millətə, mentalitetə uyğun “memarlıq əsəri” yaratmaq olar. Təsadüfi deyil ki, bir çox memarlar xarici ölkələrdən sifariş qəbul etdikdə həmin ölkənin iqliminə, millətinə və dünya görüşünə bələd olmaq üçün layihənin veriləcəyi ölkəyə köçür, bəzi hallarda layihə tam başa çatana qədər orada yaşayırlar. Təbii ki, elə “memarlar” da var ki, məsələn, Barselona iqlimində oturub, Barselonalıların əhatəsində Bakı üçün layihə hazırlayır. Hal-hazırda belə layihələr ölkəmizdə tikilməkdərdir. Təbii ki, bu ölkəmiz üçün yolverliməz qüsurdur.

Memarlıqla əlaqəli bir “nağıl” eşitmişdim. Yapon memarı layihəni həll edərkən həmin ərazidə özünə çadır qurur, və yayda, yazda, payızda, qışda oranın iqlimi ilə sanki ünsiyyət yaradır. Eyni zamanda ərazinin torpaq qatları, heyvanat və bitki aləmi ilə də yaxından tanış olur. Beləcə verəcəyi layihənin ideal həllinə özünü tam hazırlayır.

Bundan əvvəlki yazılarımda eskizlər, onların memarlıqda danılmaz önəmi, eskizləri çəkərkən nələrə fikir verilməsi və s. haqda danışmışdıq. Bu yazımda isə, müasir, tələb olunan memarlıqdan daha çox etnik, el memarlığına diqqət etməyi, bu memarlığın da bəzən eskiz albomlarımızda yer almalarının önəmini qeyd etmək istərdim.

Belə memarlıq eskizləri çəkməyə memarlıq doktoru, professor Şamil Fətullayevlə görüşdən sonra həvəsləndim. Memarın demək olar ki, bütün eskizləri tam tarixi memarlığı əks etdirəcək mövzuda idi. Özüm də çəkməyə başlayanda bunun necə maraqlı proses olduğunun şahidi oldum. Təbii ki, yaxşı olar bu işə intellektual cəhətdən hazır olasan. Çünki, burada müxtəlif xalqlardan, onların özlərinə məxsus cizgilərindən,  iqlimlərdən, müxtəlif xalqların mentalitet və etnoqrafiyasından  az da olsa xəbərdar olmaq lazımdır. Düşünürəm ki, ali təhsil alan bütün tələbələrimizdə bu göstəricilər var. Ən azından kinoya baxan, kitab oxuyan, səyahət edən insanlarda belə informasiya avtomatik formalaşmış olur.

Tarixi öyrənməyin ən yaxşı yolu belə eskizlər çəkməkdir, elə bil beynində olanları qoyursan qabağına, lazım gəlsə əlavələr edirsən, bəzi materialları çıxarırsan, sintez və s. eksprimentlər apara bilirsən. Çəkərkən müxtəlif üslublara, müxtəlif funksiyalı binalara meyl edin. Belə eskizlərin sizin üçün ən zövqlüsü olacağına inanıram, ümid edirəm xoşunuza gələcək :) Vacib və maraqlı prosesdir

QEYD: çəkmək üçün əvvəlki yazımda qeyd etdiyim “uni pin” flomaster qələmləri və adi qara flomaster lazımdır.