6-cı baxış

Yəqin ki, bir neçə həftə məqalə yazımadığıma fikir vermisiniz. Səbəb sayca 6-cı baxış imtahanının başlaması və başımın layihəmə qarışması idi. Müntəzəm yaza bilmədiyim üçün sizdən üzr istəyir və layihəmi, xırda ideyalarımı sizinlə bölüşmək istəyirəm.

Layihə ilə tanışlıq ilk öncə layihənin yeri, sonra funksiyası və digər şeylərlə davam edir. Bu smestr layihə tapşırığımız “yaşayış” oldu. Qülləvari və azmərtəbəli bölməli (bloklu) binalardan hərəsindən ən az biri olmalı idi. Yaşayış binalarındansa, yerinə görə yaşayış kompleksi layihələndirməyi qərara aldım. Layihəmin yeri Xətai prospektidir.  Şərq bazarı ilə Təhsil nazirliyinin arasında söküləcəyi nəzərdə tutulan birmərtəbəli “naxalstroy”ların yerində. Layihənin ortofotolarında yeri və binaların yerləşdirilməsi ilə tanış ola bilərsiniz.

Kompleksin yerinə gedib ilkin baxış zamanı quraqlıq təsiri bağışlayan, yaşıllıq və “cənnət mehi” tələb edən ilk təəssüratlar yarandı. Binaları çalışdım bir az “natürmort” kimi yerləşdirim, mənzərəyə tuşlanmış, bir-birilərinin qarşısını kəsmədən, şimaldan qorunmuş (hündür, səth tipli bölməli binaları şimal tərəfə, kiçik binaları isə cənubda yerləşdirdim. Bu həm Bakının amfiteatrına uyğun gəlir, həm dəniz mənzərəsinə tuşlanmış forma yaradır, həm də şimal küləyinin həyətə daxil olmasının qarşısını alır) və s.

Kompleksə

1. Qülləvari yaşayış binası (16 mərtəbəli)

2. Ofis binası (13 mər.)

3. Üç bloklu bölməli bina (18 mər.)

4. Dörd bloklu bölməli bina (18 mər.)

5. İki bloklu Dupleks evlərdən ibarət bölməli bina (5 mər.)

6. İki bloklu (və ya 1,5 bloklu) Dupleks evlərdən ibarət bölməli bina (5 mər.)

7. Uşaq bağçası (2 mər.)

8. İdman mərkəzi (2 mər.)

9. Ticarət və bank filyalı üçün 2 mərtəbəli bina daxildir.

Qülləvari yaşayış binası

Qeyd etdiyim kimi əraziyə nəfəs gətirəcək bina lazım idi. Prospektə baxan lüks evlərdən ibarət olacaq qülləvari binanı bu fikirlə dizayn etdim. Aşağıdakı birinci variantımın eskizində nisbətən əzəmətli forma əldə etsəm də, həm kompazisiyanın adi olması həm də əsl istəyimə uyğun gəlməməsi belə formanı fikrimdən çıxardı.

Daha sonra gözümün qabağına gələn formanı eskiz etməyə və ideyanı zənginləşdirməyə başladım. Aşağıda şəkillərin düzülüşü binanın keçdiyi mərhələlərlə əlaqəlidir.

Binanın eyvanlarını tam yaşıllıqlı təsəvvür edin. Renderdə bunu tam çatdırmaq təəssüf ki mümkün olmadı, ümumiyyətlə bu renderlərin həyatımda ilk render olduğunu nəzərə alıb üzrlü hüsab edərsiniz yəqin :)

Binaların ümumi kompozisiyasını yol uzunu hərəkətə uyğunlaşan üfiqi xəttlər təşkil edir. Eyni zamanda prospektin arxasında dəmir yollarının keçməsi də binaları bu cür üfiqi xəttlərlə həll etməyimi zəruri etdi. Ümumən üfiqi xəttlər yüksək sürəti tərənnüm edir, şaquli xəttlər isə sakit seyr üçün yararlıdır (daha çox ara məhəllə kimi hərəkətsiz yerlərdə istifadə olunur). Şaquli xəttlər sürətli maşın və dəmir yollarına uyğun gəlməz, sərnişinlərin seyr zamanı narahatçılıqlarına səbəb ola bilərdi.

Binanın fasad və kəsiyini əl ilə planşetlərə çəkilmiş variantında həcm biraz daha aydın görsənir.

Binada ümumən Bakı üçün yararlı olacaq pasaj ideyasını tətbiq etdim. Məqsəd, “küçəyə bitişik” olan binalardansa həm yerə qənaətli həm də piyadalar üçün rahat gəzinti yerlərinin təşkili idi. Pasaj bütün küçə boyu binaların altında var. Beləcə piyada yolları həm yağışdan, həm qardan, həm də yayın qızmar günündən qorunmuş olur. Üstəgəl yaşıllıq zolağı üçün də 4 m-lik yeri qazanmış oldum. Burada ağaclar həm ekoloji baxımdan sərfəli, həm kölgəlik verən ünsür həm də maşın səslərinin qismən azaldılmasına kömək edən vasitədir. Həmişəyaşıl ağacların sıx olduğu belə yaşıllıq zolaqları həm yayda həm də qış fəslində yararlı olar. Aşağıdakı rəsmdə həm də eyvandan eyvana görüntünün qarşısını alan qalın divar və yaşıllığın olmasını vurğuladım ki, yuxarı girintili eyvandan aşağıdakı çıxıntılı eyvanın görsənmədiyi izah olunsun.

Binada ilk dəfə penoplast eyvanlardan istifadə etdim. Bunun mənası odur ki, bu cür mürəkkəb konstruksiyanı həll etmək üçün ağır yükü qaldırmalı olan konstruksiyanı minimum ağırlığı qaldıracaq konstruksiya ilə əvəz etmək. Penoplastın radiaktiv olması burada problem yaratmaz, çünki eyvan evin bayır hissəsi olduğu üçün bu təsir birbaşa insana yönəlməyəcək. Penoplast həm eyvan döşəməsini həm də eyvan divarını əvəzləyir. Beləcə 15 yaşlı yeniyetmə bir evin eyvanını sanki əlində qaldıracaq qədər yüngülləşir. Fasadda girinti çıxıntılar da asanlıqla həll olunur. Məncə bu üsulu sınaqdan keçirib tətbiq etmək olar.

Eyanların girintili-çıxıntılı olması yaxşı kölgələnmiş, cənub günündən qorunmuş və mənzərəyə baxan geniş eyvanlar verir. Bu eyvanları siyirtmə şüşə panellərlə bağlayıb qış bağçası kimi də istifadə etmək olar. Əsas məqsəd hər evin öz həyəti olmasıdır. Burada dekorativ yaşıllıq işləri ilə məşğul olmaq, stol yerləşdirib mənzərəni seyr edərək gün boyu istirahət etmək, və hətta ümumi manqal belə qoymaq olar :) üstəlik evlər həm cənuba həm şimala baxdığı üçün yayda qapıları açmaqla evdə və eyvanlarda gözəl meh yaratmaq olar. Bakı istisi üçün düşünülmüş belə funksiya sakinlərin təbii sərinliklə yay keçirmələrinə kömək edəcək.

Bir məsələni də qeyd edim ki, geniş eyvanlar binanın cənuba baxan hissəsindədir, cənubun yandırıcı və ziyanlı günündən qorunmaq üçün. Amma eyvanların şərqə və qərbə baxan hissələri isə heç də çıxıntılı deyil. Məqsəd çox da yandırıcı və ziyanlı olmayan, əksinə xeyirli şərq-qərb günündən qaçmaqdansa onların mənzərəsini (günçıxımı, günbatımı) hiss edəcək tərzdə fasadı səthləşdirməkdir.

Bir də ilk dəfə olaraq eyvanda  görsənən sütünları (hansı ki, axırıncı iki mərtəbədə konstruksiyadan asılı olaraq ola bilsin ki, görsənsin) güzgülü etməyi fikirləşdim. Əvvəlcə planda kvadrat olan sütunlarda güzgü üzlüyü fikirləşsəm də sonrada planda dairəvi olan sütunlarda bunun daha gözəl effekt verəcəyini fikirləşdim. Baxan insan kobud sütündansa nəsə incə bir şey görəcək, tam dərk olunmayan müasir görünüşlü nəsə bir şey. Güzgü səmanı əks etdirdiyi üçün gözdən qismən itəcək.

Binanın əsas planları:

Ofis binası

Ofis binası kimi fikirləşdiyim binanı yan tərəfdəki Qülləvari binaya əsasən kompazisiyasını (eyvanlarını, və hündürlüyünü) həll etdim. Binanın 5-ci mərtəbədən sütunlarla ayrılan hissəsində (6-cı mərtəbədə) gündən, yağış və qardan qorunan istirahət guşəsi yaratdım. Bu ayrılma iki məqsəd güdür. 1-ci binaya faktiki bitişik olan 5 mərtəbəli bölməli bina ilə uyğunlaşdırmaq, 2-ci isə binanın altda olan hissəsini restoran kimi istifadə etmək. 6-cı boş mərtəbədə həm də restoranın çox rahat yay zalını yerləşdirmək olar. Ofis binaları müştərinin sifarişi əsasında planlaşdırıldığı üçün bu bina ilə çox da məşğul olmadım. Bina sadəcə eskiz formada nəzərimdədir.

18 mərtəbəli 3 bloklu bina

Bu bina kompleksin hər iki tətəfində bir növ şimalı bağıamaq üçün səth kimi düşünülmüşdü amma tam səth olması onsuzda uzun və hündür olan binaya ağırlıq gətirərdi, ona görə binanın orta blokunu nisbətən azmərtəbəli edib həyət kimi istirahər üçün məkan yaratdım. İstirahət guşəsi kimi nəzərdə tutulduğundan həmin yerdə hovuz yerləşdirdim. İstirahət üçün ideal şərait olması ora saat 07:00-12:00 arası xeyirli günün düşməsi və günün ziyanlı şüalarının düşən saatlarda kölgəliyin gəlməsini qeyd etmək olar. Həm də burada günəşlənən insanlar istəsələr də ziyanlı gün şüalarını qəbul edə bilməzlər.

Binanın sağ və sol bloklarının son mərtəbələri “penthouse” evlərdir. 6-cı mərtəbələrdə isə xüsusi evlər üçün böyük həyəti olan guşələr var. Fikir versəniz binanın fasadı tamam kölgəlidir, düz səth çox az yerdədir, səbəb cənub günündən qorunmaqdır.

Binada divar boyu şüşələrin narahatlığını nəzərə alıb bəlkə də ilk dəfə istifadə olunacaq yeni variant tətbiq etdim. Ümumiyyətlə yaşayış evlərində divarboyu şüşələrin müsbət tərəfləri olduğu qədər də  mənfi cəhətləri var. Evin içinin aşağıdan baxıldıqda görsənməsi, gün işığının daha çox evə düşməsi kimi.. Bnları nəzərə alıb həmin şüşələri yerdən 1-0,9 m hündürlüyə qədər mat şüşə ilə, ondan sonranı isə adi şəffaf şüşə ilə həll etdim ki,  bununla da həm evin içi görsənməyəcək, həm gün işığının nisbətən qarşısı alınacaq, həm fasad baxımlı olacaq, həm də evə daha çox işıq düşəcək. Fikrimcə daha rahat yaşam üçün istifadə etmək olar.

Binada evlərin küləklənməsi məsələsi müasir Bakı memarlığında tez-tez rast gəldiyimiz problemlərdəndir. Çox vaxt “memarlar” bu vacib məsələni həll etməyi “unudur”. İlk dəfə bölməli bina layihəsi verdiyim üçün ilk vaxtlar bu məsələ biraz çətin gəlsə də, sistemi qavrayandan sonra heç də çətin olmadı. Evdə təbii küləklənməyi həll etməyin ən sadə üsulu, hər bir mənzilin binanın 2 tərəfinə baxmasını təşkil etməkdir.

Binanın yan görünüşündən bir eskiz fraqment

Uşaq bağçası və idman

Kompleksin uşaq bağçası üçün bir neçə variant axtardım. Fikrimdə binanın funksiyasına uyğun memarlıq qurmaq var idi. Sonra belə bir qərara gəldim ki, bağça öz xarakteri ilə ümumi kompleksdən yad baxılan hansısa formada olmaqdansa onu da kompleksin digər binalarına xas cizgilərlə layihələndirim amma binada boş səth yeri qoyum ki, oradan ildə bir neçə dəfə dəyişdirilməsi mümkün olan plakatlar asıla bilsin. Bu qayda qonşu idman mərkəzi üçün də eynidir. Beləcə bütün komplekslə uyğunlaşan binalar yalnız müəyyən olunmuş səthinə görə öz xarakterini əsk etdirəcək və insanları özünə cəlb edəcəkdi.

Aşağıdakı şəkildəki variant ilk dəfə fikirləşdiyim bağça variant idi, fikirləşirdim ki, ofis binasındakı restoranın kompazisiyası ilə uyğunluq təşkil edər

Kompleksin “B” tərəfi ilə “A” tərəfi arasında birləşdirici keçidlər var. Bu keçidlər yerüstü olub binadan binayadır. Maşın yolunun üstü ilə. Məqsəd, B tərəfin uşaqlarını A tərəfdəki bağçaya təhlükəsiz aparmaq.

5 mərtəbəli bölməli dupleks evlər

Bu layihəni işləyərkən binanın iki tərəfinə baxan, ikimərtəbəli dupleks evləri layihələndirmək lap ürəyimcə oladu. Le Korbuzyenin ilk dəfə işlətdiyi belə evlər bütöv dəhlizli binalar üçün idisə bu layihəmdə biraz fərqli yanaşıb bloklu binada bunu tətbiq etdim. Çünki praktikandan da gördüyümüz  kimi bütöv dəhlizli binalar bizim əhali üçün yararlı deyil. Hər millətin öz yaşam tərzi var, bizdə bu yaxşı alınmır. İlk öncə sxeminə nəzər salsanız ikimərtəbə evlərin necə binanın hər iki tərəfinə baxmasını və ümumiyyətlə kiçik sahədə belə rahat evin necə həll olmasını hiss edəcəksin.

Binada 2 blok hər mərtəbədə 4 mənzil (hər mərtəbə – 1 x 2), cəmi 16 dupleks mənzil. 1-ci mərtəbə xaric, 5 mərtəbəli bina üçün. Evlərin planına da fikir versəniz necə sadə, rahat mənzillər olduğunu görərsiniz. Evlərin az sahəni əhatə etməsi bu cür  mənzillərdə orta, hətta aşağı təbəqədən də insanların qalmasına şərait yaradır.

Binanın inkşaf mərhələləri:

Bildiyiniz kimi komputer qrafikasını və saxta bəzək-düzəyi sevmirəm, ona görə də renderlərim “bu gündədi” :))

Sonda diqqətinizə iki məsələni çatdırmaq isrətdim, 1-i Fasad Kondisionerləri 2-ci isə Fasad Jalüzləri.

Əgər fikir verdinizsə bütün binalarda fasadda jalüzvari element var. Onu nəzərimdə işığın qarşısını 40% alan bir vasitə, eyni zamanda elektriklə işləyən element kimi fikirləşmişdim. Bir toxunuşla fasaddakı jalüzün hissələri aşağı və yuxarı yığılaraq fransız eyvanı əmələ gətirir. Bir halda ki, onları elektrikli düzəldirik deməli ümumi hamısını hərəkətə gətirmək də olar. Ümumiyyətlə indiyə qədər bütün binalar öz üslublarına görə nə qədər dinamik də olsalar heç vaxr hərəkət etmirdilər. Bir növ cansız idilər, “ölü” kimi sabit dayanırdılar. Fasad jalüzləri isə günün müəyyən saatlarında dalğavari hərəkətlə binanın aşağısından yuxarıya doğru hərəkət edə bilər. Bunu insandan çıxan biovibrasiyaların kainata qarışmasına bənzətmək olar.

Fasad kondisioneri

Bu, binada istilik və soyuğu təmin edən sistemdir. Amerikan qaydası ilə hər mərtəbə arasında havalandırma üçün 1-0,5 m yer qoymaq çox baha başa gəlir. Bakı qaydası ilə hər ev öz kondisionerini öz qoysun qaydası da estetik deyil, üstəlik ənənəvi kondisionerlərdə isti tavandan vurduğu üçün elektrik enerjisini çox istifadə edir. Yeni qayda ilə binaya quraşdırılmış kondisionerlər istini evin aşağı hissəsindən, soyuğu isə tavandan verir. Beləcə fizika qanununa görə isti hava tezliklə yuxarı qalxıb evi tez qızdırır, həmçinin soyuq hava evə tez yayılır, beləcə elektrik enerjisinə və estetik görünüşdə istifadəçilər qazanclı çıxır. Üstəlik belə kondisionerlərə günəş batareyaları quraşdırmaqla, hesabladım ki, hər ailə özü öz elektrik enerjisini günəşdən əldə edir və beləcə ömürü boyu vergidən azad olur. Həm də günəş batareyalarının bina fasadına xüsusi effekti var. Belə günəş batareyaları binaya sonradan da quraşdırıla bilər.

Hündür binalardan baxarkən alçaqmərtəbəli binaların dam hissəsinin durğun görünməməsi üçün bütün binaların dam hissəsini həyət kimi istifadə olunacaq tərzdə həll etdim. Bu eyni zamanda ekologiya baxımından sərfəlidir.

Binaların rəngi ağ rəngdə olsa da ağın sarıya çalan isti rəngindərdir ki, Bakıda soyuq havalar olanda binaların “soyuq ağ”ı yox “isti ağ”ı daha ürəyəyatımlı görsənsin.

QEYD: Bütün suallarınıza cavab verməyə hazıram. İradlarınız olsa mütləq yazın ki, səhvlərimdən xəbərim olsun :)